Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 30-da Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.
İki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Bakıda keçirilmiş 11-ci iclasının əhəmiyyəti vurğulandı.
Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkəmizdə aparılan ardıcıl sosial islahatlar barədə məlumat verildi.
Postmüharibə dövründə şəhid ailələri və qazilərə sosial dəstək tədbirləri, o cümlədən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlər müzakirə olundu. Qazilərin müalicəsinə göstərilən dəstəyə görə Türkiyə tərəfinə təşəkkür ifadə edildi.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.