Qərar “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Sertifikatın verilməsində məqsəd elektrik enerjisi istehsalı sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, ekoloji cəhətdən təmiz “yaşıl” inkişafın dəstəklənməsi, iqlim dəyişmələrinin qarşısının alınması üçün ətraf mühitə atılan karbon tullantılarının qarşısının alınmasıdır.
Bərpa olunan enerji mənbələrindən istehsal və istehlak edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi üçün beynəlxalq təcrübədə qəbul olunmuş yerində yoxlama mexanizmindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Sertifikatı əldə etmək üçün müraciət etmiş hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında bərpa olunan enerji mənbələrindən istehsal və ya istehlak edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat qurğuların markasına, modelinə, modifikasiyasına, gücünə və buraxılış ilinə baxış keçirilməklə veriləcəkdir.
Sertifikat Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən ödənişsiz veriləcəkdir.