Nazirlər Kabinetinin 262 №-li Qərarına dair izah
Əsasnamədə “e-mühasibat” informasiya sisteminin texniki-texnoloji infrastrukturu, altsistemlər, sistemə ötürülən məlumatların dairəsi, sistem sahibinin, iştirakçıların hüquq və vəzifələri barədə müddəalar göstərilib.
“e-mühasibat” informasiya sistemi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən Maliyyə Nazirliyinə təqdim edilməli olan maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsinə, mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsinə xidmət edir.
Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də mühasibat uçotu sahəsi üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.