Nazirlər Kabinetinin 111 №-li Qərarına dair İZAH
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2026-ci il tarixli 111 nömrəli Qərarı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 18.5-ci maddəsinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Qərarla qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində, tüstü bacalarında, eləcə də havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası müəyyən edilir. Müayinənin keçirilməsində əsas məqsəd istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin işçi vəziyyətinin müəyyən edilməsidir.
Qaydaya əsasən, müayinə zamanı mövcud nöqsan və pozuntuların aşkar edilməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Müayinələr qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz həyata keçirilir.
Qərarın qəbulu qaz təsərrüfatlarında təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, mümkün risklərin qarşısının alınmasına, eləcə də qaz təchizatı sahəsində vahid və sistemli nəzarət mexanizminin formalaşdırılmasına xidmət edir.