Nazirlər Kabinetinin 99 №-li Qərarına dair İZAH
Qərar “Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Proqramı (bundan sonra - Proqram) çərçivəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbi) müraciətlərinin qəbulu, baxılması və onların yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi, həmçinin qiymətləndirilmənin nəticəsinin rəsmiləşdirilməsi və ləğv edilməsi mexanizmlərini, eyni zamanda Proqram çərçivəsində əcnəbilərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarlarını, habelə hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədlərini və qiymətləndirilməni həyata keçirəcək dövlət orqanlarını (qurumlarını), eləcədə bu istiqamətdə prosesin effektivliyinin nəzarətdə saxlanılması və yüksəldilməsi üçün hesabatlılığın təmin olunmasını müəyyən edir.
Qaydalara əsasən qiymətləndirilmə əcnəbinin elektron müraciəti əsasında altsistem vasitəsilə aparılır.
Qiymətləndirilmə meyarları üzrə dövlət orqanları bal təyin edir və yekunda bütün ballar cəmlənir.
Verilmiş balların cəmi azı 70 (yetmiş) bal olduqda əcnəbi yüksəkixtisaslı miqrant hesab olunması üçün nəzərdə tutulan keçid balını toplamış hesab olunur.
Şəxsin yüksəkixtisaslı miqrant hesab olunması elektron sənədlə rəsmiləşdirilir.
Elektron sənəd 5 il müddətinə verilir.