Nazirlər Kabinetinin 459 №-li Qərarına dair İZAH
“Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” başlanğıc ili 2021-ci il olmaqla 2040-cı ilə qədər olan dövrü əhatə edir. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi–mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynamışdır.
Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunmuşdur. Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınmışdır. Şəhərin şərq və mərkəzi hissələrində tarixi quruluşun qorunması məqsədilə yol şəbəkələrinə müdaxilə minimal səviyyədə saxlanılaraq mövcud tarix-mədəniyyət abidələrinin bərpa/rekonstruksiyası nəzərdə tutulmuşdur.
Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılmışdır. Yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilmiş, bütün sosial xidmət müəssisələrinin (məktəb, bağça, səhiyyə müəssisələri və s.) ictimai nəqliyyat marşrutları ilə əlaqələndirilərək əlçatan olması təmin edilmişdir.