Nazirlər Kabinetinin 183 №-li Qərarına dair izah
Qərar “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Qərarla “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.5.-ci maddəsinə uyğun olaraq, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq təsdiq edilmişdir.
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avto-nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır.
Sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər.
Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, əlaqə nömrəsi, avtonəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz edilməlidir.