Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb.
Görüşdə Bakıda yüksək səviyyədə təşkil olunan COP29-un dünyanı narahat edən iqlim dəyişikliyi probleminin həlli istiqamətində beynəlxalq səylərə töhfə verəcəyinə əminlik ifadə olundu.
Azərbaycanın Baş Prokurorluğunun və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin birgə təşkilatçılığı ilə noyabrın 15-də COP29 çərçivəsində keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyanın əhəmiyyəti vurğulandı.
Azərbaycanın hüquq-mühafizə orqanları ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə edildi.