Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 27-də ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edildi. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu xüsusi vurğulandı.
Həmçinin parlamentlərarası münasibətlərə toxunuldu, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların vacib rolu qeyd edildi.
Görüşdə Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.