Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin müvafiq olaraq 2024-cü və 2023-cü illərdə baş tutmuş qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulandı, həmin səfərlərin Azərbaycan-Misir əlaqələrinin tarixində yeni səhifə açdığı qeyd olundu.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq yüksək qiymətləndirildi, xüsusilə Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə olundu.
Görüş zamanı Azərbaycan-Misir əlaqələrinin cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.